|
NAXÇIVANDA REFERENDUM ƏLEYHİNƏ TƏBLİĞAT QRUPLARI FƏALİYYƏT GÖSTƏRMİR |
|
|
|
11.03.2009 16:34 |
 18 mart 2009-cu il tarixdə keçiriləcək referenduma çox az bir müddət qalmasına baxmayaraq referendumla bağlı antitəbliğat qruplarına, referendum əleyhinə təbliğata, çap materiallarına, braşur və plakatlara rast gəlinmir.
Lakin referendumun lehinə təbliğat aparan qruplar fəaliyyət göstərir, seçicilər ilə görüşlər keçirir. Hətta Naxçıvan televiziyası (NTV), “Şərq qapısı ” qəzeti və digər yerli mətbuat orqanlarında keçiriləcək referendumun lehinə təbliğat aparılır və 18 martda keçiriləcək referendumun əhəmiyyəti haqqında ardıcıl və silsilə yazılar dərc olunur. Məsələ ilə bağlı Naxçıvan Şəhər 4 saylı seçki dairəsindən müxbirimizə bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaratdığı “Azərbaycan naminə” təbliğat qrupu dairədə qeydiyyatdan keçib və həmin qrup dairə ərazisində Seçki Məcəlləsinə uyğun olaraq referendumun lehinə təbliğat aparır. Lakin başqa heç bir təbliğat qrupu dairədə qeydiyyatdan keçməyib. Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmiş digər təşviqat qruplarının fəaliyyətinə isə heç bir qadağa qoyulmayıb. “Ümüd” partiyasının Naxçıvan təşkilatının sədri F.Əliyev də bu məsələyə münasibət bildirib. O, qeyd edib ki, təbliğatın aparılmaması sırf texniki problemlərlə əlaqəlidir. “Muxtar Respublikaya gediş-gəlişin çətin olduğundan təbliğat materialları hələ də mərkəzdən gəlib çıxmayıb. Ancaq 2 gün ərzində təbliğata başlayacağıq“. Müsavat” partiyasının Naxçıvan təşkilatının sədri M. Babayev Muxtar Respublikada rejimin sərtliyinin təbliğat aparmağa imkan vermədiyini, AXCP Naxçıvan təşkilatının sədri A. Quliyev isə partiyanın maliyyə və texniki imkanının olmaması səbəbindən təbliğat apara bilmədiklərini bildiriblər.
H.Mehdiyev E.Abbasov
|