 Naxçıvanda müxalifəti təmsil edən dairə və məntəqə seçki komissiya üzvləri incidilir. Onlara veriləcək əmək haqları gecikdirilib, natamam verilib və bir hissəsi oğurlanıb.
Həmçinin siyasi partiyalara giriş-çıxışa maneçilik törədilir. Referendum öncəsi partiyaların fəaliyyət göstərməsinin planlı şəkildə qarşısı alınır. Məlumatı Reportyorlarin Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan bölgə müxbirinə “Ümid” partiyası Naxçıvan Muxtar Respublika (MR) Təşkilatının sədri F. Əliyev verib. Onun sözlərinə görə, Naxçıvan MR-da fəaliyyət göstərən siyasi partiyaların (Müsavat, “Ümid” və AXCP) qərargahları Naxçıvan şəhər Nizam küçəsi 41 ünvanda, köhnə binanın ikinci mərtəbəsində yerləşir: “Binanın 1-ci mərtəbəsində isə Naxçıvan şəhər bələdiyyəsinin sədri Hüseyn Orucəliyevə məxsus olan “Qızıl dağ ” mətbəəsi yerləşir. Binaya giriş qapısı ümumidir. Dəmirdən olan giriş qapısının açarları H. Orucəliyevdədir. Dəfələrlə giriş qapısının açarlarının bir nüsxəsinin siyasi partiyalara verilməsini tələb etsək də, “müəllimləri” ilə məsləhətləşdikdən sonra min bir bəhanə ilə bələdiyyənin sədri açarı bizlərə verməkdən imtina edib. Bu səbəbdən də bizim fəaliyyətimizə süni əngəllər yaranır. İstədiyimiz vaxt ofisə girib çıxa bilmirik. Siyasi partiyalar, əsasən “ Ümid” partiyası yığıncaqlarını şənbə-bazar günləri keçirir. Həmin günlər adətən qapılar bağlı olur və bizim fəaliyyətimiz əngəllənir. Xatırladaq ki, bu cür maneçiliklər 2008-ci il prezident seçkiləri ərəfəsində də baş vermişdi. İkinci bir tərəfdən isə “ Ümüd” partiyasının təmsil olunduğu 01 saylı Şərur-Sədərək, 02 saylı Şərur, 04 saylı Naxçıvan şəhər seçki dairələrində DSK və MnSK üzvlərinin incidilməsinə başlanılıb. Onlara veriləcək əmək haqları gecikdirilib, natamam verilib və MnSK üzvlərini əmək haqlarının bir hissəsi oğurlanıb. Hazırda isə təkcə müxalifətdən olan MnSK üzvlərinin yox, həmçinin MR-də olan bütün məntəqələrdə YAP, bitərəf və digər müxalifət partiyaları təmsil edən MnSK üzvlərinin də siyahıya almaq üçün nəzərdə tutulan 20 günlük əmək haqları verilməyib və 55 günlük əmək haqqı hesablanıb. Bu hadisə hətta YAP təmsil edən MnSK üzvlərini də narazı salıb və onların bəziləri artıq bizə müraciət edərək məsələnin yuxarı orqanlar qarşısında qaldırmağımızı xahiş ediblər. Yuxarıda göstərilən DSK sədrləri isə məsələdən xəbərsiz olduqlarını və yuxarılardan gələn tapşırıqları yerinə yetirdiklərini, MSK tərəfində yazılı olaraq təlimat gəldiyini və təlimatda MnSK-larda üzvlərə 1 ay 25 günlük əmək haqqı verilməsi nəzərdə tutulduğunu bildirirlər. Qeyd edək ki, yuxarıda sadalananlar ciddi qanun pozuntusudur və ümumilikdə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 33.1, 38.1 və 96.3 maddələri pozulmuşdur. Biz hesab edirik ki, baş verən hadisə müxalifətdən olan təşviqat qruplarının referendumu boykot çağırışı ilə bağlıdır. Amma bunun məsələyə heç bir aidiyyatı yoxdur. Çünki partiyamızı təmsil edən DSK və MnSK üzvləri bu günə qədər üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər.Güman edirik ki, MSK sədiri Məzahir Pənahov cənabları bu məsələni ciddi nəzarətə götürəcək və məsələnin Azərbaycan Respublikasının Serçki Məcəlləsinə uyğun olaraq həll olunmasını təmin edəcəkdir”- deyə F. Əliyev Müxbirimizə bildirib. Məsələ ilə bağlı 01 saylı Şərur-Sədərək Seçki Dairəsinin sədri Asəf Musayev, 02 saylı Şərur Seçki Dairəsinin sədri Fərasət Hacıyev və 04 saylı Naxçıvan şəhər Seçki Dairəsinin sədri Cahangir Seyidovla görüşərək onların münasibətini öyrəndikdə, DSK sədirləri qanunsuz heç bir iş görmədiklərini , əmək haqqı üçün nəzərdə tutulan vəsaitin hamısının ayrı-ayrıləıqda üzvlərin hesabına keçirildiyini, siyahıya almaya görə əmək haqqının verilib verilməyəcəyindən xəbərsiz olduqlarını bildirdilər. 01 və 02 saylı DSK-lardan üzvlərə 55 günlük əmək haqqı verildiyini öyrənə bilsək də, 04 saylı DSK-dan MnSK üzvlərinə neçə günlük əmək haqqı ödənildiyini öyrənə bilmədik.
H.Mehdiyev E.Abbasov
|