|
ETİQAD VƏ SƏRBƏST HƏRƏKƏT ETMƏK AZADLIĞI POZULAN AXUND ACLIQ AKSİYASI KEÇİRƏCƏK |
|
|
|
16.02.2010 17:40 |
 Şərur rayon Muğanlı kənd sakini, Bakı İslam Universitetinin məzunu, İran İslam Respublikasının Qum şəhərində ali dini təhsil almış, axund İmanaov Kamil Teymur oğlu 20 fevral 2010-cu ildən etibarən ailə üzvləri ilə bərabər aclıq aksiyası keçirəcək. Bu haqda məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə K.İmanaovun özü verib. Onun sözlərinə görə, buna səbəb hüquq mühafizə orqanları tərəfindən incidilməkdə davam etməsi, onun sərbəst hərəkət etmək azadlığının məhdudlaşdırılması və bu barədə aidiyyatı orqanlarda etdiyi şikayətlərə baxılmamağıdır
”Artıq mənim çıxış yolum qalmayıb. Şikayətlərimə baxılmır. Ailəmi dolandırmaq üçün çıxış yolu tapa bilmirəm. Himayəmdə 3 məktəb yaşlı və 2 kiçik yaşlarında uşaq var. Fevralın 20-ə qədər tədbir görülməzsə etiraz olaraq ailə üzvlərimlə birlikdə aclıq aksiyası keçirmək məcburiyyətində qalıram”, - deyə K.İmanaov deyib.
Xatırladaq ki, K.İmanovdan dini geyim geyməmək tələb olunub. Vaxtaşırı müxtəlif bəhanələrlə o MTN-nin Şərur rayon şöbəsinə çağrılaraq izahatı alınıb, kimlərə işləməsi və nə məqsədlə Qum şəhərində oxuması haqda sorğu-sual edilib, saatlarla qanunsuz olaraq MTN-də saxlanılıb. Bir neçə dəfə qıssa müddətə həbs olunaraq müvəqqəti saxlama təcridxanasında saxlanılıb. Yaşadığı kənddə baş verən hər bir hadisəyə görə onu günahkar hesab ediblər. Hətta mal-qara, toyuq-cücə oğurluğu olanda belə onu həbs edib dindirirlər. Bunların hamısına səbəb onun Qum şəhərində təhsil alması olub. O mərhum prezident Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövr ilk dəfə Naxçıvandan İran İslam Respublikasının Qum şəhərində təhsil almaq üçün rəsmi qaydada göndərdiyi 55 nəfərdən biridir. O, son vaxtlar bir neçə dəfə İran və Türkiyəyə getməyə cəhd etsə də hər dəfə də sərhəd keçid məntəqəsindən geri qaytarılıb.
E. Abbasov H. Mehdiyev
|