|
“DEMOKRATİYA VƏ QHT-NİN İNKİŞAF RESURS MƏRKƏZİ” İCTİMAİ BİRLİYİNDƏ VERGİ YOXLAMALARI DAHA BİR AY DAVAM EDƏCƏK |
|
|
|
16.02.2010 17:42 |
 Naxçıvanda “Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi” İB-də vergi yoxlamaları davam edir və Naxçıvan MR Vergilər Nazirliyi yoxlamaların əlavə olaraq daha bir ay davam edəcəyini bildirir. Bu barədə RATİ-nin Naxçıvandakı müxbirinə Resurs Mərkəzinin sədri Məlahət Nəsibova məlumat verib.
“Muxtar Respublika Vergilər Nazirliyi 21 dekabr 2009 tarixdə Resurs Mərkəzinin maliyyə sənədlərini yoxlamaq haqda qərar çıxarıb. Bundan sonra bütün sənədlər təqdim olunub və yoxlamalar aparılıb. Heç bir qanun pozuntusu da aşkarlanmayıb. Bütün sənədlərin təqdim etməyimizə baxmayaraq bizdən həmin sənədləri yenidən tələb edirlər. Həmçinin yerli hakimiyyət orqanları bizim lazım olan sənədləri vergilər idarəsinə təqdim etmədiyimizi bildirərək bir sıra beynəlxalq təşkilatları da aldadıblar. Bu hal Resurs Mərkəzinə qarşı bir təxribat, vergi yoxlamalarının vaxtının uzadılması və bizim müstəqil fəaliyyətimizə təzyiq vasitəsidir”, - deyə M.Nəsibova deyib.
Xatırladaq ki, “Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi” 2009-cu ilin iyul-dekabr ayları ərzində Naxçıvan MR-da fəaliyyət göstərən ali təhsil məktəblərində korrupsiyanın vəziyyətini öyrənmək məqsədilə tədqiqatlar aparıb. 15 dekabr 2009 tarixdə Naxçıvan Dövlət Universitetinin yaxınlığında tələbələr və müəllimlər arasında sorğuların keçirildiyi zaman Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazova Universitetin müəllimləri Məmməd Rzayev və Elman Cəfərli tərəfindən hücum olub. Resurs Mərkəzinin əməkdaşları hücum olan ərazini tərk edəndən sonra yaşadıqları binanın qarşısında 40-a yaxın müəllim və idman fakültəsinin tələbənin fiziki təzyiqinə məruz qalıblar. Əməkdaşlar hadisə yerinə polis çağırsalar da ora heç kim gəlməyib. Bundan sonra zərərçəkənlər polis idarəsinə gedərək şikayətlər edərək tibbi ekspertizadan keçmək istəmişlər. Lakin, onlar tibbi ekspertizadan keçirilməyərək polisin psixoloji təzyiqlərinə məruz qalıblar. Resurs Mərkəzinin israrlı müraciətlərindən sonra polis araşdırma aparmağa başlasa da onun işində qərəzli hallar müşahidə olunub. Belə ki, araşdırma zamanı polis hadisə yerində şahidləri dindirərkən şahidlər qorxudularaq istədikləri izahatlar alınıb. Bununla belə hələ ki, hadisə ilə bağlı heç bir tədbir görülməyib. Daha sonra Naxçıvan MR Vergilər Nazirliyi 21 dekabr 2009 tarixdə Resurs Mərkəzinin maliyyə sənədlərini yoxlamaq haqda qərar çıxarıb.
E. Abbasov
|