|
POLİSİN 17 GÜN QANUNSUZ OLARAQ SAXLADIĞI RZA NURİYEV AZADLIĞA ÇIXDIQDAN BİR AY SONRA VƏFAT ETDİ |
|
|
|
23.02.2010 21:42 |
 AXCP Culfa rayon təşkilatının sədri, Bənəniyar hadisələri zamanı qanunsuz olaraq 17 gün saxlanılan və işgəncələrə məruz qoyulan Rza Nuriyev bu gün (23 fevral) Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında vəfat edib.
Bu barədə RATİ-nin Naxçıvandakı müxbirinə mərhumun ailə üzvləri məlumat verib. Verilən məlumata görə mərhumun vəziyyəti pisləşdiyindən onu qohumları xəstəxanaya çatdırıblar. Sinə nahiyəsində şiddətli ağrılar hiss edən R.Nuriyevi həkimlər xilas edə bilməyiblər. İlkin məlumatlara görə, təxminən 62 yaşı olan mərhum ürək çatışmamazlığından vəfat edib. Xatırladaq ki, Məhərəm ayının doqquzuncu və onuncu günlərində (27 dekabr 2009-cu il) kənd sakinləri sinə vurub. Həmin gün kəndə polis müdaxilə edib və Xəlilov Nail Yusif oğlu, Quliyev Nazir Məşdağa oğlu, Quliyev Əli Nazir oğlu, Əliyev Yusif Xəyyam oğlu, Seyidov Cəfər Fəttah oğlu, Xəlilov Nahid Yusif oğlu və Əliyev Kamal Yunis oğlunu həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Aparılanlara orada fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirdi. Orada olan polislər isə ona yandır deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb. 5 yanvar 2010-cu il tarixində axşam saatlarından etibarən isə Culfa rayonunun Bənəniyar kəndinə daxili qoşun hissələri və çoxlu sayda polis yeridilib. Kəndə giriş-çıxış qadağan olunub və kənd mühasirəyə alınıb. Kənddə olan ticarət obyektləri yerlə yeksan edilib. Evlər, evlərin zirzəmiləri, tövlələr axtarılıb. Evlərin şüşələri sındırılıb. Polis və daxili qoşun əsgərləri kənddə qoca-cavan bilmədən qarşılarına keçən kənd sakinlərini zorla həbs edərək naməlum istiqamətə aparıblar. Bu zaman mərhum Rza Nuriyev də həbs edilib. İnsanlara fiziki güc tətbiq edilib, bəzilərini yerdə sürüyüblər və qaçıb gizlənənlərin ailəsi və qoca analarını polisə aparmaqla hədələyərək onların üzə çıxmağını tələb ediblər. 6 yanvar tarixdə gecənin yarısı həbs olunanlardan bir qrupu azad edilib. Saxlanılanlara həbsdə onlara fiziki təzyiq göstərildiyini bildiriblər. Belə ki, Aşura mərasimi Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və tərəfdarlarının Kərbəlada şəhid olması münasibətilə hər il müsəlmanlar tərəfindən qeyd olunur. Bu mərasim Azərbaycanın bir sıra bölgələrində o cümlədən də Naxçıvanda anılır. Amma nədənsə yerli hüquq mühafizə orqanları yüz illərlə qeyd edilən bu mərasimə qarşı çıxıblar. Bənəniyar hadisələrinə görə Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi də bəyanat yaymışdı və həmin sənəddə Rza Nuriyev qanunsuz silahli birləşmələr yaratmaqda ittiham edilmişdi. Allah rəhmət eləsin!
|