 AXCP Culfa rayon təşkilatının sədri, Bənəniyar hadisələri zamanı qanunsuz olaraq 17 gün saxlanılan və azad edildikdən bir ay sonra vəfat edən 62 yaşlı Rza Nuriyevin həyat yoldaşı Südabə Fərzəliyeva 27 fevral tarixdə “Azadlıq” radiosunun “Panorama” verilişində deputat Aynur Camalqızının səsləndirdiyi fikirlərə etirazını bildirib. Bu barədə RATİ-nin Naxçıvandakı müxbirinə Südabə Fərzəliyevanın özü məlumat verib.
“Aynur Camalqızı guya mənim mətbuata müsahibələrimdən belə nəticəyə gəlib ki, Rza müəllimin əvvəllər də ürək xəstəliyi olub. Bu yanlış fikirdir. Onun bu ifadələri hansı məqsədlə işlətdiyini bilmirəm. Amma o bizimlə heç vaxt əlaqə saxlamayıb. Yaxşı olardı ki, gəlib burada vəziyyətin necə olduğu ilə maraqlanıb bizimlə görüşəydi və sonra fikir söyləyəydi. Rza Müəllim tam sağlam olub. Bir dəfə də olsun xəstəxanada müalicə almayıb”, - deyə S. Fərzəliyeva deyib.
Qeyd edək ki, bu gün (01.03.10) RATİ-nin Naxçıvandakı müxbirləri Elman Abbasov, Həkimeldostu Mehdiyev və “Azadlıq ” radiosunun müxbirləri Məlahət və İlqar Nəsibovlar Bənəniyar kəndində olublar . Jurnalistlər Rza Nuriyevin ailəsinə baş çəkiblər. Kənd camaatının onlara bildirdiyinə görə, kənddə hələ də gərginlik davam edir.
Əhali qorxu içində yaşayır. Gərginliyi orda olan jurnalistlər də hiss edib. Belə ki, ara sıra polis maşını və polislər gözə dəyib. Məlumata görə hakimiyyətə yaxın olan şəxslər Bənəniyara nəzarət edir oraya gəlib-gedənlər haqda tez-tez harasa məlumatlar verilir. Müxbirlər Bənəniyarda olduqları müddətdə həmin şəxslər tərəfindən izləniliblər. sakinlərin məlumatına görə mərasimdə olduqları zaman onların avtomobilinin dövlət nömrə nişanı mülkü geyimli şəxs tərəfindən yazılıb və telefonla bu haqda kimlərsə məlumatlandırılıb.
Xatırladaq ki, Rza Nuriyev 23 fevral 2010-cu il tarixdə Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında vəfat edib və bir gün sonra (24.02.10) torpağa tapşırılıb. Onun dəfn mərasimi isə böyük bir izdiham tərəfindən icra olunub. Rza Nuriyevin cənazəsinin üstünə Azərbaycan bayrağı örtülüb və o, şəhid kimi dəfn edilib. Həmin gün Muxtar Respublika hüquq mühafizə orqanları nümayəndələri tərəfindən Culfa rayonunun Bənəniyar kəndinə aparan yollar nəzarətə götürülüb, hər 300-500 metrdən bir postlar qoyulub. Amma güc strukturları dəfn mərasiminə müdaxilə etməyiblər. Xatırladaq ki, məhərəm ayının doqquzuncu və onuncu günlərində (27 dekabr 2009-cu il) kənd sakinləri sinə vurub. Həmin gün kəndə polis müdaxilə edib və Xəlilov Nail Yusif oğlu, Quliyev Nazir Məşdağa oğlu, Quliyev Əli Nazir oğlu, Əliyev Yusif Xəyyam oğlu, Seyidov Cəfər Fəttah oğlu, Xəlilov Nahid Yusif oğlu və Əliyev Kamal Yunis oğlunu həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Aparılanlara orada fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirdi. Orada olan polislər isə ona yandır deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb. 5 yanvar 2010-cu il tarixində axşam saatlarından etibarən isə Culfa rayonunun Bənəniyar kəndinə daxili qoşun hissələri və çoxlu sayda polis yeridilib. Kəndə giriş-çıxış qadağan olunub və kənd mühasirəyə alınıb. Kənddə olan ticarət obyektləri yerlə yeksan edilib. Evlər, evlərin zirzəmiləri, tövlələr axtarılıb. Evlərin şüşələri sındırılıb. Polis və daxili qoşun əsgərləri kənddə qoca-cavan bilmədən qarşılarına keçən kənd sakinlərini zorla həbs edərək naməlum istiqamətə aparıblar. Bu zaman mərhum Rza Nuriyev də həbs edilib. İnsanlara fiziki güc tətbiq edilib, bəzilərini yerdə sürüyüblər və qaçıb gizlənənlərin ailəsi və qoca analarını polisə aparmaqla hədələyərək onların üzə çıxmağını tələb ediblər. 6 yanvar tarixdə gecənin yarısı həbs olunanlardan bir qrupu azad edilib. Saxlanılanlara həbsdə onlara fiziki təzyiq göstərildiyini bildiriblər. Belə ki, Aşura mərasimi Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və tərəfdarlarının Kərbəlada şəhid olması münasibətilə hər il müsəlmanlar tərəfindən qeyd olunur. Bu mərasim Azərbaycanın bir sıra bölgələrində o cümlədən də Naxçıvanda anılır. Amma nədənsə yerli hüquq mühafizə orqanları yüz illərlə qeyd edilən bu mərasimə qarşı çıxıblar. Bənəniyar hadisələrinə görə Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi də bəyanat yaymışdı və həmin sənəddə Rza Nuriyev qanunsuz silahli birləşmələr yaratmaqda ittiham edilmişdi.
|