ÖLÜMLƏ HƏDƏLƏNƏN JURNALİSTLƏR HÜQUQ MÜHAFİZƏ ORQANLARINA MÜRACİƏT ETDİLƏR
31.01.2009 17:25

Dünən (30 yanvar) RATİ-nin Naxçıvandakı müxbirləri Həkimeldostu  Mehdiyev, Elman Abbasov,  “Azadlıq” radiosunun və “Turan” İnformasiya Agentliyinin  müxbiri Məlahət Nəsibova onlara olunan təhdid zəngləri (http://www.irfs.az/content/view/1829/28/lang,az/) ilə bağlı Naxçıvan şəhər Polis Şöbəsinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət ərizəsi yazıblar.

Ərizədə hüquq mühafizə orqanlarından hədə dolu zənglərlə bağlı araşdırmanın aparılması, günahkarların aşkarlanaraq cəzalandırılması, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Naxçıvandakı müxbirlərinin şəxsi və  onların redaksiya kimi  istifadə etdikləri Demokratiya və QHT-lərin İnkişaf  Resurs Mərkəzinin  ofisinin təhlükəsizliyinin təmin edilməsi  üçün tədbirlər görülməsini xahiş ediblər.
 Xatırladaq ki, 29 yanvar 2009-cu il tarixdə saat 18:55-da RATİ-nin Naxçıvan bölgə müxbiri Elman Abbasovun istifadə etdiyi  mobil telefon nömrələrinə hədə xarakterli zənglər  olunub. Özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs Elman Abbasovun və həmkarı Həkimeldostu Mehdiyevin ünvanına təhqir və təhdidlər edilib. Habelə həmin şəxs müxbirlərin redaksiya kimi  istifadə etdikləri Demokratiya və QHT-lərin İnkişaf  Resurs Mərkəzinin   Naxçıvan şəhər, Atatürk prospekti 33 ünvanında yerləşən ofislərini partladaraq onları öldürəcəyini bildirib. Təxminən 10 dəqiqə sonra həmin şəxs “Azadlıq” radiosunun və “TURAN” İA-nın müxbiri Məlahət Nəsibovanın  mobil telefonuna zəng edərək  müxbiri ölümlə hədələyib.