ŞƏRURDA MÜƏLLİMLƏRDƏN ƏLAVƏ ÖDƏNİŞ TƏLƏB OLUNUR
20.02.2010 17:30
Şərur rayon Təhsil Şöbəsi tərəfindən müəllimlərdən hər ay qanunsuz olaraq elektrik enerjisi üçün “itki pulu”, hovuzda “çimmək pulu” və digər qanunsuz ödənişlər tələb olunur. Bu barədə məlumatı RATİ-nin Naxçıvandakı müxbirinə Şərur rayonundan adlarının çəkilməyini istəməyən  bir qrup müəllim bildirib.
“Hər ay bizdən 2 manat elektrik enerjisi üçün “itki” pulu, 4 manat yeni tikilən Olimpiya Kompleksinin hovuzunda “çimmək” pulu tələb olunur. Biz isə hovuzda çimmək istəmirik. Bizə deyirlər ki, istəyirsiniz çimin, istəmirsinizsə çimməyin onsuzda o pulu verməli olacaqsınız. İməciliklərə getmək istəməyənlərdən isə 7 manat tələb olunur. 2 manat nəqliyyat pulu, 5 manat isə iməciliyə getməyənin əvəzindən fəhlə pulu. Etiraz edənlər isə işdən qovulmaqla hədələnirlər ”, - deyə mənbə bildirib.
Şərur rayonunda müəllim işləyən Musa Tağıyev də eyni problemlə üzləşib. “Məndən də eyni ödənişlər tələb olunur. Mənim isə xəstə qız uşağım var. O anadangəlmə xəstədir və buna görə birinci qrup əlildir. Halbuki mənim özümə yardım verilməlidir. Dəfələrlə ödənişlərdən azad olmaq haqda  təhsil şöbəsinə müraciət etsəm də heç bir nəticəsi olmayıb. Əlavə olaraq bütün müəllimlərdən onların adına olan torpaq sahələrinin sənədlərinin sürətləri tələb olunur. Bunu nə üçün tələb etdiklərini isə açıqlamırlar”, - deyə M. ağıyev müxbirimizə bildirib.
Amma Şərur rayon Təhsil Şöbəsindən  deyilənlərin həqiqətə uyğun olmadığını bildiriblər.