RZA NURİYEV BU GÜN DOĞMA KƏNDİNDƏ TORPAĞA TAPŞIRILDI
24.02.2010 15:16
 AXCP Culfa rayon təşkilatının sədri, Bənəniyar hadisələri zamanı qanunsuz olaraq 17 gün saxlanılan və azad edildikdən bir ay sonra vəfat edən 62 yaşlı Rza Nuriyev bu gün  (24 fevral) torpağa tapşırılıb. Bu barədə dəfn mərasimində iştirak edən RATİ-nin Naxçıvandakı müxbiri Həkimeldostu Mehdiyev məlumat verib.
Verilən məlumata görə, Muxtar Respublika hüquq mühafizə orqanları nümayəndələri tərəfindən Culfa rayonunun Bənəniyar kəndinə aparan yollar nəzarətə götürülüb, hər 300-500 metrdən bir postlar qoyulub. Amma güc strukturları dəfn mərasiminə müdaxilə etməyiblər.
“Kənddə mülki geyimli bir neçə hüquq mühafizə orqanı əməkdaşı var idi. Onlar da şəkil çəkdiyimə görə əsasən məni izləyirdilər. Rza Nuriyevin dəfn mərasimi isə böyük bir izdiham tərəfindən icra olundu. Onun cənazəsinin üstünə  Azərbaycan bayrağı örtülmüşdü və o, şəhid kimi dəfn edildi”, -  deyə hadisə yerində olan əməkdaşımız məlumat verib.
Xatırladaq ki, Məhərəm ayının doqquzuncu və onuncu günlərində (27 dekabr 2009-cu il)  kənd sakinləri sinə vurub. Həmin gün kəndə polis müdaxilə edib və Xəlilov Nail Yusif oğlu, Quliyev Nazir Məşdağa oğlu, Quliyev Əli Nazir oğlu, Əliyev Yusif Xəyyam oğlu, Seyidov Cəfər Fəttah oğlu, Xəlilov Nahid Yusif oğlu və Əliyev Kamal Yunis oğlunu həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Aparılanlara orada fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirdi. Orada olan polislər isə ona yandır deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb.
         
     5 yanvar 2010-cu il tarixində  axşam saatlarından etibarən isə Culfa rayonunun Bənəniyar kəndinə daxili qoşun hissələri və çoxlu sayda  polis yeridilib. Kəndə giriş-çıxış qadağan olunub və kənd mühasirəyə alınıb. Kənddə olan ticarət obyektləri yerlə yeksan edilib. Evlər, evlərin zirzəmiləri, tövlələr axtarılıb. Evlərin şüşələri sındırılıb. Polis və daxili qoşun əsgərləri kənddə qoca-cavan bilmədən qarşılarına keçən kənd sakinlərini zorla həbs edərək naməlum istiqamətə aparıblar. Bu zaman mərhum Rza Nuriyev də həbs edilib. İnsanlara fiziki güc tətbiq edilib, bəzilərini yerdə sürüyüblər və qaçıb gizlənənlərin ailəsi və qoca analarını polisə aparmaqla hədələyərək onların üzə çıxmağını tələb ediblər. 6 yanvar tarixdə gecənin yarısı həbs olunanlardan bir qrupu azad edilib. Saxlanılanlara həbsdə  onlara fiziki təzyiq göstərildiyini bildiriblər. Belə ki, Aşura mərasimi Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn və tərəfdarlarının Kərbəlada şəhid olması münasibətilə hər il müsəlmanlar tərəfindən qeyd olunur. Bu mərasim Azərbaycanın bir sıra bölgələrində o cümlədən də Naxçıvanda anılır. Amma nədənsə yerli hüquq mühafizə orqanları yüz illərlə qeyd edilən bu mərasimə qarşı çıxıblar.
    Bənəniyar hadisələrinə görə Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəliyi də bəyanat yaymışdı və həmin sənəddə Rza Nuriyev qanunsuz silahli birləşmələr yaratmaqda ittiham edilmişdi.